“AtaSığorta”nın filial direktoru: “regional filial olaraq öz komanda gücümüzü göstəririk” – MÜSAHİBƏ

Bu gündən etibarən FED.az biznes-maliyyə portalı “AtaSığorta” ASC ilə birgə “Regional Filiallarımızı Tanıdaq” adlı uzunmüddətli layihəyə start verib. Layihə çərçivəsində şirkətin regional filial müdirləri ilə maraqlı suallar əsasında müsahibələr təşkil olunacaq. Layihənin media tərəfdaşı FED.az saytıdır. Layihənin ilk müsahibi isə “AtaSığorta” ASC-nin QƏRB Filialının (Gəncə) direktoru Elnur Həsənovdur. Hörmətli Elnur müəllim, özünüz haqqında qısa məlumat vermənizi xahiş edirik . (təhsil və iş təcrübəsi)

İlk öncə FED.az saytının rəhbərliyinə və kollektivinə təşəkkür edirəm və işlərində uğurlar arzulayıram. 2001-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat və İdarəetmə fakultəsini bitirmişəm. Sonra Azərbaycan Silahlı Qüvvələrində xidmət etmişəm. İş fəliyyətimi Gəncə şəhərində bir sıra şirkət və təşkilatlarda başlayıb davam etdirmişəm. Sığorta sektorunda fəaliyyətimə 2008-ci ildə MBASK şirkətində başlamışam. 2012-ci ildən “AtaSığorta” ASC-də işləyirəm.

Qərb filialı (Gəncə) nə vaxtdan fəaliyyət göstərir (işçi sayı, göstərdiyi xidmətlər) və region əhalisinə daha çox hansı məhsullar təqdim edilir?

Filial 2012-ci ildən fəaliyyət göstərir. Filialda 8 nəfər əməkdaş çalışır. Ümumiyyətlə şirkətimiz 30 növ - 26 könüllü və 4 icbari növ üzrə sığorta xidmətləri təqdim edir. Şirkətin təqdim etdiyi əsas sığorta növləri arasında əmlak sığortası, nəqliyyat vasitələrinin sığortası, nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari və könüllü sığortası, sürücü və sərnişinlərin bədbəxt hadisələrdən sığortası, üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası, yüklərin sığortası, inşaat sığortası, işəgötürənin məsuliyyətinin sığortası, tibbi sığorta, fərdi qəza sığortası, və s. vardır. Regionlarda əsas icbari növlər, könüllü növlərdən isə kasko sığorta, səfər sığortası və yük sığortası kimi məhsulların satışını daha aktiv həyata keçiririk.

Regionda sizin filialınızı digərlərindən fərqləndirən nədir?

Əslində bu fərqi müştərilər daha çox ayıra bilir. Amma biz regional filial olaraq öz komanda gücümüzü göstəririk və hər zaman göstərdiyimiz xidmətin keyfiyyətinin üzərində işləməklə müştəri məmnunluğunun artırılması istiqamətində işləri davamlı şəkildə aparırıq.

Bir haşiyəyə çıxmaq istəyirəm ki, Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın azad olunması istiqamətində artıq ordumuz işğal olunmuş ərazilərimizi azad edərək irəliləyir. Azğın və aciz durumda olan terrorçu Ermənistan hakimiyyəti məğlubiyyəti qəbul edə bilməyib ölkənin ikinci böyük şəhəri olan Gəncə şəhərinə qadağan olumnuş ballistik raketlə bir neçə dəfə hücum etmişdir. Bu hadisələrdən ciddi zərər çəkən əməkdaşımız Rail Tağıyevin ailəsi də vardır. Hətta ofisimizin bütün şüşə və pəncərələri darmadağın idi, amma biz həmin gün əzmlə, həvəslə tam fəaliyyət göstərdik. Necə deyirlər, biz qorxmuruq əksinə döyüş ruhundayıq. İnşAllah qələbə bizimlədir.

Elnur müəllim, yəqin ki, məhsulların satışı ilə yanaşı filialda sığora hadisələrin tənzimlənməsi işini də həyata keçirirsiniz. İlin əvvəlindən indiyədək ən maraqlı sığorta hadisəsi ilə bağlı məlumat verə bilərsiniz?

Əlbəttə, bu bizim əsas öhdəliklərimizdən biridir, bu xidməti tam məsuliyyətlə və layiqincə yerinə yetiririk. Filal olaraq bu xidməti o dərəcədə yüksək səviyyədə yerinə yetiririk ki, zərərçəkən müştərilər sığorta müqavilələrinin yeniləməsi zamanı bizə müraciət edir. İlin əvvəlindən indiyədək ən maraqlı sığorta hadisəsi ilə bağlı isə bir neçə dəfə yolda gedərkən sığorta hadisəsi ilə rastlaşmışam, yəni məni saxlayıblar “Budur, gəldi sığorta” deyiblər. Mən də avtomobildən düşüb yoxlamışam ki, nəqliyyat vasitələri hansı sığorta şirkətinə məxsusdur və maarifləndirib, istiqamət verib sağollaşıb getmişəm. Hətta öz mobil nömrəmidə vermişəm ki, nə sualınız olsa müraciət edə bilərsiniz. Belə maraqlı hadisələr olur.

Müştəri portfelinin daha da genişləndirilməsi istiqamətində region əhalisi arasında hansı maarifləndirmə işlərini həyata keçirisiniz?

Müştəri portfelinin daha da genişləndirilməsi istiqamətində region əhalisi arasında tez-tez buklet və maarifləndirici materiallar paylayırıq, Universitetlərdə bir neçə dəfə tələbələr arasında və ictimai tədbirlərdə aktiv fəaliyyət göstərərək həm şirkətimizi tanıdır, həm də sığorta məhsulları haqqında əhaliyə məlumat veririk.