Ən çox verilən suallar

Sığorta nədir?

Sığorta, risklərin başqasına ötürüldüyü və ya riskin başqası ilə bölüşdürüldüyü mexanizmdir. Sığorta elə bir vasitədir ki, hər hansı bir itkiyə məruz qalmış şəxsi buna səbəb olmuş hadisədən əvvəlki maliyyə vəziyyətinə qaytarmaq üçün təzminatla təmin edir.

Sığorta müqaviləsi nədir?

Sığorta müqaviləsi sığortalı ilə sığortaçı arasında əldə edilən razılaşmadır. Bu razılaşmada sığortalı sığorta haqqını ödəməyi, sığortaçı isə göstərilən itkilər baş verdikdə zərəri – sığorta ödənişini ödəməyi öz üzərinə götürür.

Sığorta haqqı nədir?

Sığorta haqqı – Sizin sığorta müqaviləsində nəzərdə tutulmuş vaxtda və qaydada sığorta şirkətinə ödədiyiniz pul məbləğidir.

Sığortaçı kimdir?

Sığortaçı – sığorta fəaliyyətini həyata keçirən sığorta şirkətidir.

Sığortalı kimdir?

Sığortalı, sığorta müqaviləsi əsasında öz həyatını, sağlamlığını, əmlakını, məsuliyyətini sığorta etdirən və bunun qarşılığında sığortaçıya müəyyən məbləğ (sığorta haqqı) ödəyən şəxsdir .

Franşiza nədir və o, sığorta haqqına necə təsir edir?

Franşiza - Sığorta hadisəsi baş verdiyi zaman dəymiş zərərin sığorta ilə təmin olunmayan və sizin tərəfinizdən ödənilməli olan hissəsidir. Tez-tez sığortaçıya müraciət etmədən də özünüzün ödəyə biləcəyiniz xırda zərərlərlə qarşılaşırsınız. Belə hallar üçün sığorta müqaviləsində azadolma məbləği nəzərdə tutulur. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin azadolma məbləğindən artıq hissəsi sığortaçı tərəfdən ödənilir.

Avtomobil sığortası hansı riskləri əhatə edir?

Avtomobilinizi sığorta etdirən zaman siz təklif olunan 3 təminat növündən hər hansı birini və ya hər üçünü seçə bilərsiniz:

  1. Avtomobilin sığortası - avtomobilinizə dəyən zərərin əvəzinin ödənilməsi (Yol-nəqliyyatı hadisəsi, yanğın, partlayış, üçüncü şəxslərin qərəzli hərəkətləri, oğurluq və s.)
  2. Sizin və avtomobildə olan sərnişinlərin sağlamlığına dəyən zərərin əvəzinin ödənilməsi
  3. Mülki məsuliyyətinizin sığortası - sizin səhviniz nəticəsində ətrafdakılara dəyən zərərin əvəzinin sığortaçı tərəfindən ödənilməsi.

Avtomobilimi sığorta etdirən zaman avtomobilin qiyməti necə müəyyən olunur?

Avtomobilinizin sığorta etdirilməsi zamanı onun bazar qiyməti əsas götürülür.

Avtomobil sığortası zamanı müqavilə hansı müddətə bağlanılır?

Adətən sığorta müqaviləsi 1 il müddətinə bağlanılır.

Etibarnamə əsasında idarə etdiyim avtomobili sığorta etdirə bilərəmmi?

Bəli, siz etibarnamə əsasında idarə etdiyiniz avtomobili sığorta etdirə bilərsiniz.

Yüklənir, zəhmət olmasa gözləyin