MƏSULİYYƏT SIĞORTASI

Üçüncü Şəxslər Qarşısında Məsuliyyət Sığortası:

Bu təminat, müxtəlif kolllektiv və qrup üzvlərini və administrativ personalı  müəyyən səbəblərdən yaranmış üçüncü şəxslərin iddiasından qorumaq məqsədi ilə tərtib edilmişdir. Sığortalıların öz səhhətinə və əmlakına vurduğu ziyan bu sığorta təminatına daxil deyil. Lakin onların başqasının səhhətinə və əmlakına vurduğu ziyan sığortalanır.

Mülki məsuliyyət, məhsul məsuliyyəti və peşəkar fəaliyyətdən doğan məsuliyyət sığortası üçüncü şəxslər qarşısında məsuliyyət sığortasına daxildir.
Biznesinizin ictimaiyyətlə təmasda olduğu zaman mülki və məhsul məsuliyyəti sığortasına ehtiyacı vardır.

Məhsul məsuliyyəti sığortası müqavilə əsasında təmin edilmiş məhsulun qüsurlu olması səbəbilə meydana gələn zərərə görə hüquqi məsuliyyətin sığortasıdır. Digər müəssisələri və ictimaiyyəti kompüter proqramlarından başlayaraq avadanlıqlar üçün ehtiyyat hissələrinə kimi məhsullarla təchiz edən müəssisələr satdıqları qüsurlu məhsulların vura biləcəyi ziyan və ya zərərə görə risk daşıyıcılarıdırlar. Adətən məhsul istehsalçıları məhsulla yaranan problemlərə görə məsuliyyət daşıyırlar, lakin istehsalçı fəaliyyətini dayandırdığı hallarda məsuliyyət təchizatçıya keçə bilər.

Peşəkar fəaliyyətdən doğan məsuliyyət sığortası peşəkar məsləhət və xidmətlər verən şəxslərin məsuliyyətinin sığortasıdır. Xidmət sektorunda fəaliyyət göstərənlər üçün peşəkar fəaliyyətdən doğan məsuliyyət sığortası təminatını almaq daha məqsədəuyğundur. Bu təminat sığortalını müştərilərinin inandıqları kimi deyil, pis və ya etinasız xidmətlərlə təchiz etdiyinə görə məruz qaldıqları zərər əsasında doğan hüquqi məsuliyyətə qarşı qoruyur.

Sığorta haqqı təklif şəklində təqdim olunan məlumat əsasında müəyyənləşdirilir. Sığorta haqqı, müəssisənin dövriyyəsinin 0,6%-dən - 1%-dək qismini təşkil edə bilər.

İşəgötürənin Məsuliyyətinin Sığortası:

Sığortanın obyekti İşəgötürənin normal iş fəaliyyəti zamanı məruz qaldıqları bədən xəsarəti və ya səhhətlərinə dəymiş zərərə görə işçilərə kompensasiya ödəmək öhdəliyinin hüquqi məsuliyyətidir. Məsuliyyət limitini (sığorta məbləği) tərəflər sığorta müqaviləsi bağladıqları zaman müəyyənləşdirirlər. Sığorta ödənişi xəsarət alan işçilərə və ya onların hüquqi vərəsələrinə verilir.

Sığorta ödənişinin məbləği müvafiq franşiza və sosial müdafiə xərcləri çıxılmaqla işçilərin səhhətinə vurulan zərərə görə İşəgötürənin hüquqi məsuliyyəti əsasında hər bir şəxs üçün ayrı-ayrılıqda hesablanır.

İşəgötürənin məsuliyyət sığortası aşağıdakıları təminata alır:

Bədən xəsarəti, zəhərlənmə, günvurma, yanıqlar, donma, suda boğulma, ildırım vurması və ya elektrik cərəyanının təsirinə məruz qalmaq, yüksəklikdən yıxılma, heyvanların hücumuna (dişləmə, sancma və s.) məruz qalma, qəsdən qətlə yetirilmə kimi aşağıda verilən şərtlərlə işçi sayılan şəxsin məruz qala biləcəyi risklər:

  • əmək müqaviləsi əsasında çalışan personal;
  • mülki hüquqi razılaşma əsasında çalışan fiziki şəxs;
  • təlim keçən şəxs.

Sığorta təminatı aşağıdakı hallarda tətbiq edilir:

  • İşəgötürənin iş yerində rəsmi fasilələr (nahar vaxtı) daxil iş günü vaxtı;
  • təminatın verildiyi ərazilər daxilində İşəgötürənin adından edilən xidməti səfərlər zamanı;
  • iş vaxtı və iş vəzifələrinin icrası zamanı ictimai nəqliyyatda və ya piyada gedərkən;
  • iş məqsədi ilə istifadə üçün İşəgötürənin rəsmi icazəsi ilə şəxsi minik maşınında olarkən.

Sığorta haqqı təklif şəklində təqdim olunan məlumat əsasında müəyyənləşdirilir. Sığorta haqqı, sığorta haqqının hesablanması üçün əsas təşkil edən illik ümumi əmək haqqı fondunun 2%-dən - 4%-dək qismini təşkil edə bilər.

 

Yüklənir, zəhmət olmasa gözləyin